Mədəniyyət siyasətinin strateji prioritetləri
Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi, mədəniyyətimizin dünyada təbliği, milli-mədəni irs nümunələrinin tanıdılması, gənc nəslin milli ruhda tərbiyə olunması, tarixi abidələrin qorunması əsas prioritetlərdən olmalıdır.
Azərbaycan dini abidələri ilə zəngin olan bir diyardır. Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bütün əsas dini abidələr, məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir olunub, bir şoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib.
Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udilər artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan Nic qəsəbəsindəki kilsə Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq müharibə zamanı açılıb və bu Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavabdır.
Memarlıq əsərləri Azərbaycan mədəniyyətin və incəsənətinin vizit kartlarındandır. Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermiş Nizami Gəncəvinin 2021-ci ildə 880 illik yubileyi qeyd ediləcəkdir. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətlərindən biri də multikultural dəyərlərdir. Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycandakı multikultural cəmiyyət bir çox ölkələr üçün örnəkdir.
Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız torpaq iddiası irəli sürürlər. Onlar qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir, heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır, ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmır.
Dövlətimizin başçısı çıxışlarında demişdir ki, dağıdılmış bütün tarixi abidəlrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsü bərpa olunmalıdır.