Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin ən mühüm yekunu

09 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Müşavirəni giriş nitqi ilə açan dövlətimizin başçısı demişdir: ”Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.

Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. 

Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur”.

2020-ci ilin iqtisadi yekunlarından danışan Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir.

Dünyanın ən nüfuzlu iqtisadı qurumu olan Dünya Bankının “Doing Business” hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq reytinqimizi artırmasını vurğulayan dövlətimizin başçısı demişdir ki, yeni reytinqə görə Azərbaycan:

Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir;

10 ən islahatçı ölkə sırasındadır;

Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında ikinci yerdədir;

Hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə beşinci yerdədir;

Hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir;

Hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir;

İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer;

Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer;

Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yer;

İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq Azərbaycan, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyi şəksizdir.

Keçidlər