Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Aprelin 28-də Xaçmaz şəhərindəki Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil olunan anım tədbirində rayonun fəal qadınları, səhiyyə, təhsil işçiləri eləcə də icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə görkəmli oftalmoloqun məktəbin həyətində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb. Bildirilib ki, görkəmli oftalmoloq təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir.
Daha sonra rayonun fəal qadınları akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin onlar üçün əsl nümunə olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdır. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.