Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın qan yaddaşı - Xocalı

26 fevral 2021 | 16:00

Azərbaycan xalqı tarix boyu yadellilərin işğalına məruz qalmış, doğma torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Vətənimizin hər bir qarış torpağının düşmən tərəfindən işğalı qətllərlə, kütləvi qırğınlarla müşayiət olunmuşdur.

200 il ərzində xalqımız erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasəti ilə üz-üzə qalmışdır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə Ermənistanın işğalçılıq müharibəsi gedişində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir.

1992-ci il fevrlın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərinin dinc əhalisini vəhşicəsinə qətlə yetirmiş, onlara misli görünməmiş qəddarlıqla divan tutmuş və şəhəri talan edərək yerlə-yeksan etmişdir. Qətlə yetirilənlərdən 63-ü uşaq,106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Girov götürülənlərdən 68-i qadın, 26-sı uşaq olmaqla 150 nəfərin taleyi bu günədək məlum deyil.

XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımına ilk dəfə siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də ölkəmizin Milli Məclisində Xocalı məsələsi müzakirə olunmuş və fevralın 26-sı "Xocalı faciəsi günü" elan edilmişdir.

Hazırda Xocalı soyqırımının tanınması, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ -ın 22 ştatı Xocalını qətliam kimi tanıyan hüquqi sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsi bir daha sübut etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş heç bir cinayət, ədalətsizlik və qəddarlıq cavabsız qalmayacaqdır.

Keçidlər