Xaçmaz rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib
Onlayn tədbirdə soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 103 il əvvəl baş verənlərə xronoloji ardıcılıqla nəzər yetirib. Qeyd edib ki, Erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soyqırımı, qanlı talan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətliamlara məruz qalmaları ermənilərin Qafqazda məskunlaşmaları üçün açar rolunu oynayıb. Çıxışlarda 1918-ci il 31 mart soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğu bir daha vurğulanıb. Bu hadisənin xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən törədilən soyqırımı zamanı on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da mühüm sənəddir, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmaması üçün Ulu Öndərin müəyyən etdiyi proqramdır. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci ilin yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu deyən natiqlər vurğulayıb ki, mənfur qonşularımız ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər, yüz minlərlə insanı amansızlıqla qətlə yetiriblər.
Çıxış edənlər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırımı qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.