Xaçmaz rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirildi
Mayın 27-də Xaçmaz rayonunda müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirildi.
Rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova məruzə edərək bildirdi ki, yaşadığı 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər, yaradılan təsisatlar, qəbul edilən dövlət rəmzləri tariximizin ən yaddaqalan səhifələridir. Təəssüflər olsun ki, ilk müstəqil dövlətimizin ömrü az olub. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Eyni zamanda məruzəçi çıxış edərək bildirib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. 1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirmiş və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların miqyası günü-gündən genişlənməkdədir. Sonda bayram tədbiri rayon incəsənət nümayəndələrinin ifası ilə davam etdirilib.