Xaçmazın icra başçısı vətəndaşların müraciətini yerində araşdırıb
Son illər Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amili respublikamızın hər yerində olduğu kimi Xaçmaz rayonunda da əsas götürülür. Bu gün əminliklə vurğulaya bilərik ki, ölkə başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Xaçmazda real şəkildə öz əksini tapır. Sakinlərin qaldırdıqları hər bir məsələyə dərhal həssaslıqla yanaşılır və problemlərin həlli istiqamətində əməli işlər görülür.
Bu günlərdə sosial şəbəkələr vasitəsi ilə Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan bir qrup sakinin təsərrüfat daxili yollarının həmkəndliləri tərəfindən bağlanması ilə bağlı müraciətinə rayon İcra Hakimiyyəti qısa zamanda reaksiya verib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Həsənqala kəndinə gedərək sakinlərin müraciəti ilə yerində tanış olub, onları narahat edən məsələni dinləyib.
İcra aparatının məsul işçiləri və Suvarma Sistemləri İdarəsinin rəhbərliyinin də iştirak etdiyi görüşdə vətəndaşların təsərrüfatlar arası yolla bağlı müraciətinin həlli ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya ən əsası da müraciətlərinə operativ şəkildə baxıldığı üçün ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.