“Milli Qurtuluş Günü”nə həsr edilmiş “Müqəddəs Missiya” mövzusunda videokonfrans keçirilib
12 iyun 2021-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyəti, YAP Xaçmaz rayon Təşkilatı və təşkilatın Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş “Müqəddəs Missiya” mövzusunda videokonfrans keçirilib. Videokonfransı giriş sözü ilə YAP Xaçmaz rayon Təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev açaraq bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi və həmin dövr barədə məlumat verdi. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının müavini Günel Nürəddinova öz çıxışında bildirdi ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndərin əsasını qoyduğu bu siyasət bugün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən YAP Xaçmaz rayon Təşkilatının aparat rəhbəri Fazil Rəhmətov Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Vətən müharibəsində əldə etdiyimiz zəfər məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və bu siyasətin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin gördüyü misilsiz xidmətlərin nəticəsidir.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, YAP Xaçmaz rayon təşkilatı 2 saylı məktəb üzrə yerli təşkilat sədri Elvin Məmmədov, Xaçmaz Tarix diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, YAP Xaçmaz rayon Təşkilatı Gənclər Birliyinin fəal üzvü Amil Rəhimov çıxış edərək qeyd etdilər ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir