Xaçmaz rayonunda 26 iyun - Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olunur.
Şəhid ailələri və Qarabağ qazilərinin iştirakı ilə növbəti bayram tədbiri rayon Tarix-Diyarşunaslıq Muzeyində təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsində canından keçən vətən oğullarının şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar. Bayram tədbirində çıxış edənlər Azərbaycan Ordusunun tarixindən və 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən söz açıb.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Dahi şəxsiyyətin layiqli davamçısı prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ordumuz tarixi qələbə qazandı, yaşayış məntəqələrimiz işğaldan azad edildi. Şəhid ailələri və Qarabağ qaziləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Rəsmi hissədən sonra tədbir məktəblilərin və mədəniyyət işçilərinin təqdimatında musiqili proqramla davam edib.