Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhəri, Köhnə Xudat, Aşağı Ləgər, Digahoba, Fərzəlioba və İdrisoba kəndlərindən olan şəhid ailələri, Qarabağ qaziləri və ağsaqqallarla görüşüb
Xaçmaz rayonunda Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələri daim diqqət mərkəzində saxlanılır. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində və Köhnə Xudat kəndində şəhid ailələri və Qarabağ qaziləri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Elnur Rzayev şəhid ailələri, Qarabağ qaziləri və ağsaqqallarla görüşü zamanı 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən danışıb. Döyüşlər zamanı Xaçmaz rayonundan olan mərd oğulların şücayəti yüksək qiymətləndirilib. 27 sentyabr tarixini zəfərin başlanğıcı kimi səciyələndirən icra başçısı bu tarixədək qələbədə pay sahibi olan bütün Xaçmazlı şəhidlərin yad olunacağını və şəhid ailələri ilə görüşlərin təşkil ediləcəyini vurğulayıb.
Rayon rəhbərliyi səmimi söhbət zamanı Xudat şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri barədə də ətraflı məlumat verib. Şəhərdə bir çox məhəllədaxili yollar əsaslı təmir olunur, müasir işıqlandırma sistemi qurulur.
Şəhid ailələri və Qarabağ qaziləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.