Xaçmaz rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Rayon prokuroru Rəşad Məmmədov diqqətə çatdırıb ki, Xaçmazda prokurorluqla digər hüquq mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı əlaqə nəticəsində rayonda sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
Çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri də prokurorluq əməkdaşlarını təbrik ediblər.
Sonda rayon prokurorluğunun əməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim edilib.