Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda sahibkar və fermerlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilib.

12 aprel 2022 | 16:00

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı Nazirliklərinin, həmçinin  Baş Prokurorluğun rəsmilərinin qatıldığı görüşün iştirakçıları əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzinin iclas zalında təşkil olunan görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Ekologiya və təbii sərvətlərlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, mövcud yanğınların 98 faizi bilavasitə insan faktoru ilə əlaqədardır. Qeyd edib ki, bu il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”(“Yaşı Marafon”) çərçivəsində 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümdə 360 hektar ərazidə 660 minə yaxın ağac tingi əkilib.  Əkilən tinglərin arasında meşə cinsli tinglər üstünlük təşkil edir. Bununla parallel 8 min 600-ə yaxın meşə cinsli və meyvə cinsli tinglər paylanılır. Bu proses aprel ayının sonuna kimi davam edəcək. İDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu kampaniya çərçivəsində  ötən il  2 milyon ting əkilib. Bu proses işğaldan azad olunan ərazilərdə də davam etdirilir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, bu ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkilib. Bunun 600 min hektardan çoxu buğda, qalanı isə arpa sahələridir. Taxıl əkini respublikamızın ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən  zəmilərin yanğından qorunmasını təmin etmək vacib şərtlərdəndir.

Baş Prokurorluğun idarə rəisi Ramil Məcidov bildirib ki, ölkə ərazisində baş verən bütün yanğın hadisələri, miqyasından asılı olmayaraq Baş Prokurorluğun rəhbərliyinin və aidiyyəti idarələrin daim nəzarətindədir. Yanğın təhlükə yaradan, təşvişə səbəb olan, insanların sağlamlığına və həyatına qəsd edən, əmlakın, meşələrin məhvinə səbəb olan bir hadisədir. Bu səbəbdən yanğınların baş verməsində təqsiri olan şəxslər ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti tədbirləri nəticəsində müəyyən edilir və cinayət və inzibati məsuliyyətə cəlb edilir.

Ramil Məcidov qeyd edib ki, ümumilikdə 2020-ci il ərzində baş vermiş yanğın hadisələri barədə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinə 1794 material, 2021-ci ildə isə 1948 material  daxil olub. Bütün materiallar üzrə, həmçinin istintaq olunan cinayət işləri üzrə qanuni və əsaslı qərarların qəbul edilməsinə Baş Prokurorluq tərəfindən prosessual nəzarət edilib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Vüqar Məmmədov ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu vurğulayıb. Bildirilib ki, əkin sahələrinin yandırılmasının yolverilməzdir, bu cür hallar qanun pozuntusu olaraq məsuliyyət doğurur. Yanğınların digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə ciddi zərər vurma ehtimalının olduğu diqqətə çatdırılıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev sahibkar və fermerlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda ətraflı məlumat verərək, ötən il qeydə alınan yanğın hadisələrinin statistikasını qeyd edib. Qeyd edib ki, ötən il 15 min 60 yanğın hadisəsi baş verib. Onlardan 77-si qaz sızması, qaz balonlarının partlaması, hamamlarda və məişətdə quraşdırılan qaz avadanlıqlarında baş verən qəzalar zamanı qeydə alınıb. Ümumilikdə 2021-ci ildə yanğın hadisələri zamanı 38 nəfər həlak olub. Onlardan 12-si qaz sızması və partlayışlar nəticəsində olub.

Nazir müavini bildirib ki, baş nazir tərəfindən əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə sərəncam imzalanıb. Bu sərəncama uyğun olaraq ölkə üzrə insanların kütləvi toplaşdığı qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi, insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə, mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində, tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.), əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlarda yoxlamalar aparılacaq. Təhlükəsizlik qaydalarını pozan şəxslər cəzalandırılacağını vurğulayıb.

Yanğın halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib.

 

 

Keçidlər