Xaçmaz rayonunda səyyar qəbulun növbəti ünvanı Aslanoba kəndi olub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd və qəsəbələrdə sakinlərlə görüşlərini davam etdirir. Növbəti belə səyyar qəbul Seyidlikəndyeri inzibati ərazi dairəsinə daxil olan Aslanoba kəndində keçirilib. Qəbulda Seyidlikəndyeri nümayəndəliyinə daxil olan Xuray, Aşağıoba və Aslanoba kəndlərinin eləcədə Sahillər qəsəbəsinin sakinləri iştirak edib.
Yerli hüquq mühafizə orqanlarının rəhblərləri, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbulda sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, suvarma suyuna olan ehtiyacın ödənilməsi, örüş sahələrinin ayrılması, yeni məktəb binasının tikintisi, rabitə və internet kimi məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.