Xaçmazda “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstləri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən konfransda rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq mühitindən danışıb. Bildirilib ki, Azərbaycanın bütün regionlarında, o cümlədən şimal bölgəsində fərqli etnik qruplara, dini baxışlara malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında regional konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur.
Konfransın gedişində şimal regionunda fəaliyyət göstərən bir sıra dini icmaların rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgədəki yerli nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.