Aprelin 28-də Xaçmaz rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.
İlk öncə Xaçmaz rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın Zərifə xanım Əliyevanın adını daşıyan 8 saylı məktəb liseyə gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziayrət edib və abidə önünə tər çiçəklər düzərək , görkəmli alimin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Daha sonra tədbir unudulmaz ziyalının adını daşıyan muzeydə davam etdirildi. Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının müavini İlhamə Nəzərova həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Daha sonra Akademik Zərifə Əliyeva adına məktəb liseyin direktoru Nurcahan Abbasova və məktəbin müəllim heyəti və digər çıxışçılar Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər çıxışında bildirdilər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.
Daha sonra tədbir məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi,
Cəfər Cabbarlının “Ana”, Leyla Əliyevanın “Zaman” şeirləri səsləndirildi. O cümlədən, uşaq xorundan ibarət kollektiv “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə tədbirin bədii hissəsinə yekun vurdular.
Sonda qonaqlar Zərifə Əliyeva adına muzeydə təşkil edilən foto sərgi ilə tanış oldular.