Xaçmazda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram konserti keçirilib.
Şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev, millət vəkili Eldəniz Səlimov , Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etdilər. Təbiri geniş məruzə ilə açıq elan edən Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev bildirdi ki, milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. O cümlədən, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Şəhər sakinlərinin və qonaqların izlədiyi konsert proqramında Xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev, həmçinin tanınmış incəsənət ustaları Namiq Qaraçuxurlu, Mirkamil Kamilov, Səyyad Əlizadə və başqaları bir-birindən maraqlı ifalarla çıxış ediblər.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.