Şriftin ölçüsü :

Saytın rəngi :

15.07.2017-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyəti , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda II Beynəlxalq Dolma Festivalı keçirilmişdir.

15 iyul 2017 | 16:00

     Bu festival cəmiyyət arasında ümummilli dəyərlərimizə və mətbəx nümunələrimizə göstərilən yüksək  münasibətin təzahürü olaraq qiymətləndirilmişdir. Belə ki, 2016-cı ildə Azərbaycanda dolmanın bişirilmə ənənələrinin qeyri-maddi mədəni irsin reprezantativ siyahısına daxil edilməsi üçün məlumatlar artıq UNECKO tərəfindən qəbul edilib. 2018-ci ildə isə dolmanın UNESCO-nun qeyri-maddi mədəni irs  siyahısına salınması gözlənilir. Bu tədbir də öz növbəsində bu istiqamətdə atılacaq addımlara əlavə təkan verəcəkdir. 

     Tədbir regionlarımızda mövcud olan digər dolma növlərinin aşkarlanması, qədim dolma növlərinin bərpası, yeni yaranmış nümunələrin üzə çıxarılması, rayonlararası mübadilənin inkişafı, daha çox dolma növlərinin   qida sənayesinə gətirilməsi üçün keçirilir.

      II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgəmiz tərəfindən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 320-dən çox Azərbaycana məxsus milli dolma sərgilənmişdir . Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər səfirliklər tərəfindən də hər ölkənin  Türkiyə, Ukrayna, Çin, Meksika, Özbəkistan, İndoneziya, Bolqarıstan, Koreya ənənələrinə uyğun xörəklərin sərgisi təşkil edildi. Tədbirdə Milli Məclis üzvləri ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, diplomatik nümayəndəliklər iştirak etdilər. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı, ziyafət təşkil olundu.

     Tədbirin rəsmi hissəsini Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev açaraq festival iştirakçılarını salamlamış və olkəmizdə milli-mənəvi dəyərlərin qorunması sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət haqqında tədbir iştirakşılarına məlumat vermişdir. Daha sonra  Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev və  Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov çıxışlar edərək festivalın ölkə üçün əhəmiyyətindən danışıblar.

     Festivalın keçirildiyi   "Çənlibel" parkı tədbir boyu təqdim edilən  mədəni və folklor nümunələri ilə insanların ciddi marağına səbəb olmuşdur. Masalarda sərgilənən çoxçeşidli zəngin  mətbəx nümunələri isə ləziz dadlarına  görə qonaqların diqqətini çəkmişdir. Həmçinin xarici səfirliklərin nümayəndələri Azərbaycanın milli musiqi nümunələri ilə də tanış ola bilmişlər . Daha sonra  festivalda iştirak edən 40 rayonun və 8 xarici ölkənin iştirakçıları arasında qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Tədbir Natiq Ritm Qrupunun möhtəşəm musiqi sədaları altında sonlandırılmışdır. 

Keçidlər