Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan, tariximizə qızıl hərflərlə yazılmış günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür.
13 iyun 2024 | 14:57
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu tarixi gün eyni zamanda Azərbaycanın dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də məhz kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Onun arzuları 27 ildən sonra reallaşdı, Müzəffər Ali Baş Komandan ,Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və digər işğaldan azad olunan ərazilərdə Xankəndində əzəmətlə dalğalanır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Bu əlamətdar gün münasibətilə respublikamızın bütün bölgələrində olduğu kimi Xaçmaz rayonunda da silsilə tədbirlər təşkil olunur, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən Ümumilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilir.