Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl vətəndaşlar ziyarət olunub
01 oktyabr 2026 | 17:37
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri rayon ərazisində yaşayan ahıl vətəndaşları evlərində ziyarət ediblər.
Görüşlər zamanı qonaqlar yaşlı nəslin nümayəndələrinə dövlət qayğısının təzahürü olan bayram sovqatları təqdim edib, onların səhhəti və həyat şəraiti ilə maraqlanıblar. Ahıl insanlara uzun ömür, cansağlığı arzulayan nümayəndələr onların cəmiyyətdəki rolunu və daim dövlətimizin diqqət mərkəzində olduqlarını xüsusi vurğulayıblar.
Ziyarətlər çərçivəsində dövlət proqramına uyğun olaraq sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və onların mövcud ehtiyaclarının dəqiqləşdirilməsi məqsədilə yerində araşdırma aparılıb, ünvanlı sosial dəstək tədbirlərinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






