Beynəlxalq yarışlarda medal və kubok qazanan xaçmazlı idmançılarla görüş keçirilib
02 iyun 2026 | 16:08
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən gənc idmançılar və onların məşqçiləri ilə görüş keçirib. Tədbirdə son dövrlərdə nüfuzlu yarışlarda qazanılan uğurlar vurğulanıb, idmançılara rayon rəhbərliyi adından “Təşəkkürnamə”lər təqdim edilib. İcra başçısı gənc pəhləvanlara gələcək yarışlarda da yeni qələbələr arzulayıb.
Qeyd edək ki, sərbəst güləşçi Yusuf Vüqar oğlu Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında 38 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Çimərlik güləşi üzrə Elvin Hacıquliyev isə Xorvatiyanın Poreç şəhərində təşkil olunan U-17 Avropa çempionatında 80 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Uşu idman növü ilə məşğul olan Nicat Ramin oğlu Nəcəfov da Yunanıstanın Afina şəhərində keçirilən “Acropolis Open” beynəlxalq turnirində kubokun qalibi adını qazanıb.
İdmançılar və məşqçilər yaradılan şəraitə və göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.






