Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Yarməmməd Nuriyev dəfn edilib

01 iyul 2026 | 12:27
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan Yarməmməd Məqsud oğlu Nuriyevin nəşi doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Köhnə Xudat kəndinə gətirilib. Şəhidin nəşi Fərzəlioba kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidimizin yaxınlarına bir daha başsağlığı verib, ona Allahdan rəhmət diləyib. O, Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən və Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi eləcə də Rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan düşmən üzərində qələbə qazanaraq 30 illik Vətən həsrətinə son qoyub. Hazırda işğaldan azad edilmiş torpaqlarımız sürətlə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsiz şəraitdə yaşamağa başlayıblar.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.
Şəhidimizin tabutuna sərilmiş üçrəngli Dövlət Bayrağı ailə üzvlərinə təqdim olunub.
Keçidlər