Birinci Qarabağ müharibəsinin daha iki şəhidi doğma kəndində dəfn olunub.
04 iyun 2024 | 18:24
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərimiz Muradov Zakir Minad oğlu Xaçmaz rayonunun Yeni Sudur, Rəcəbov Osman Xəlifə oğlu isə Maqsudkənd kənd qəbristanlığında dəfn olunub. Dəfn mərasimlərində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərimiz Dövlət Himninin sədaları altında, yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.
Mərasimlərdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, ruhlarına dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərimizin yaxınlarına bir daha baş sağlığı verib, rəhmət diləyib.
Şəhidlərimizin tabutuna bükülmüş üçrəngli Dövlət Bayrağımız ailə üzvlərinə təqdim olunub.
Qeyd edək ki, Muradov Zakir Minad oğlu 1971-ci ildə Xaçmaz rayonunun Yeni Sudur, Rəcəbov Osman Xəlifə oğlu isə 1969- cu ildə Maqsudkənd kəndində anadan olub. Hər iki şəhidimiz 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!