Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda qəbul keçirib.
29 aprel 2022 | 15:18
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Səfər Mehdiyev qəbuldan öncə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə birlikdə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olublar.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xaçmaz və Şabran rayonunun sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.