Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 30-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Səhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və digər rəsmi şəxslər iştirak ediblər.
Bayram tədbirində əvvəlcə Dövlət Himnimiz səsləndirilib. Dövlət Səhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Azərbaycanın şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında tədbir iştirakçılarına məlumat verib. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən mükəmməl hərbi hissələrindən biri olması xüsusi qeyd edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəxsi heyəti təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb. Qeyd edilib ki, 1992-1993-cü illərdə müstəqilliyimizin əleyhinə olan qüvvələrin ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının qətiyyətlə alınması zamanı Xudat sərhəd dəstəsinin hərbi qulluqçuları böyük fədakarlıq nümayiş etdiriblər. Sərhədçilərin Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirmələri, bu işdə yerli sakinlərin sərhədçilərə yaxından kömək göstərmələri böyük iftixar və minnətdarlıq hissi ilə xatırlanıb.
Xidmətdə fərqlənən bir qrup sərhədçi fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə təltif ediliblər. Hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından kömək göstərən yerli sakinlərə mükafatlar təqdim olunub.
Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.
Daha sonra qonaqlar hərbi hissəsinin maddi texniki bazası ilə tanış olub, sərhədçilərlə birgə nahar edib.
Sonda Dövlət Sərhəd Xidmətinin hərbi orkestri və Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.