Elnur Rzayev fındıq bağlarında məhsuldarlıqla maraqlanıb
26 avqust 2023 | 13:08
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayonda ötən il 100 hektar yeni fındıq bağı salınıb.
İyul ayının 20-dən etibarən Xaçmaz rayonunun fındıq bağlarında məhsul yığımına başlanılıb. Bəzi kəndlərdə bu proses başa çatsada bir çox yaşayış məntəqələrində yığım prosesi davam edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nağıoba kəndinin fındıq bağlarında olub, məhsuldarlıqla maraqlanıb. Bağ sahibləri bildirib ki, əvvəlki illərlə müqayisədə bu il məhsul boldur. Məhsulun bol olması təsərrüfatçıların daha çox gəlir əldə etməsinə şərait yaradır.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təsərrüfatçılarla söhbət zamanı qeyd edib ki, hazırda Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Buraya şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac edilir.
Qeyd edək ki, rayonda 11 min hektara yaxın fındıq bağı var. Bu bağların 7602 hektarından məhsul toplanılır. Xaçmazın fındıq bağlarından ötən il 7591 ton fındıq istehsal edilib.