Elnur Rzayev Yergüc kəndində sakinlərlə görüşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Yergüc kəndində səyyar qəbul keçirib. Qəbulda Yergüc İnzibati Ərazi Dairəsinə daxil olan Armudpadar, Padar, Sərkərli, Üçgünqışlaq və Uryanoba kəndlərinin sakinləri iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər işlə təmin olunma, qaz təchizatının bərpası, suya olan ehtiyacın ödənilməsi və digər sahələrə dair müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.