Elnur Rzayev Yergüc kəndində səyyar qəbul keçirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yergüc kəndində səyyar qəbul keçirib. Qəbulda Yergüc İnzibati Ərazi Dairəsinə daxil olan Armudpadar, Padar, Sərkərli, Üçgünqışlaq və Uryanoba kəndlərinin sakinləri iştirak edib.
Yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləridə sakinlərin müraciətlərini dinləyənlər sırasında olub.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər qaz təchizatının bərpası, suya olan ehtiyacın ödənilməsi, elektrik təsərrüfatının yenilənməsi və torpaq məsələlərinə dair müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.