Əmək yarmarkası təşkil olunub
23 may 2023 | 18:29
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən 41 müəssisə ilə birgə əmək yarmarkası təşkil olunub.
Tədbir işəgötürənlərlə işaxtaranların birbaşa təmasını yaratmaqla vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasına xidmət edib.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan, ixtisası və peşəsi yarmarkaya çıxarılan vakansiyalara uyğun 1000-dən çox vətəndaşla iş aparılaraq uyğun namizədlər tədbirə dəvət edilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Anar Oruclu, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional Məşğulluq filialının müdiri Ramal Quluzadə, işəgötürənlərin və peşə tədris müəssisələrinin nümayəndələri iştirak edib.
Yarmarkada iştirak edən işəgötürənlər tərəfindən işaxtaranlara vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. 200-dən çox peşəni əhatə edən 1380 boş iş yeri təqdim olunub.
Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 345-2000 manat arasında dəyişib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.