Gülalan kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
16 aprel 2024 | 17:06
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Gülalan kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Gülalan, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Birinci Qarabağ müharibəsi şəhidi Fizuli Adil oğlu Yarməmmədovun büstü önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli su, rabitə və internetlə ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.