İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Xaçmaz rayonunda qəbul keçirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Xaçmaz, Siyəzən və Şabran rayon sakinləri ilə görüşüb.
Görüşdən əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən regionlarda vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.