Jurnalist Aytəkin Alxaslının “Kamilliyə gedən yol” kitabının təqdimat mərasimi keçirilib
09 sentyabr 2026 | 15:58
Xaçmaz rayonunda tanınmış jurnalist Aytəkin Alxaslının “Kamilliyə gedən yol” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, tanınmış jurnalistlər, ədəbiyyat və mətbuat nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə müəllifin həyat və fəaliyyətindən, kitabın ərsəyə gəlmə tarixindən və əsərin ana xəttindən bəhs edən videoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona peşə fəaliyyətində uğurlar arzulayıb. İcra başçısı mətbuatın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdikləri yüksək diqqət və qayğıdan ətraflı bəhs edib.
Mərasimdə “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, Əməkdar jurnalist Azər Həsrət, “Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov, jurnalistlər Ramiz Ramazanlı və Cəlal Fərzəliyev çıxış edərək müəllifin zəngin yaradıcılıq fəaliyyətindən danışıblar. Qeyd edilib ki, “Kamilliyə gedən yol” kitabı müəllifin həyat təcrübəsinin, peşəkar axtarışlarının və mənəvi dəyərlərə sədaqətinin məntiqi nəticəsidir. Kitabda əksini tapan publisistik yazılar və həyat fəlsəfəsi oxucunu dərin düşüncələrə sövq edən, insanı mənəvi kamilliyə ruhlandıran zəngin məzmunu ilə seçilir.
Sonda çıxış edən Aytəkin Alxaslı tədbirin təşkilinə və göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib.
Təqdimat mərasiminin yekununda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müəllifə xatirə hədiyyəsi təqdim edib. Tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirilib.






