Mədəniyyət naziri Adil Kərimli Xaçmazda vətəndaşları qəbul edib
26 may 2023 | 17:59
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.
Mədəniyyət naziri Adil Kərimli növbəti vətəndaş qəbulunu Xaçmaz şəhərində keçirib. Qəbuldan əvvəl Mədəniyyət naziri Adil Kərimli və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda əsasən Xaçmaz, Quba və Qusar rayonlarından, eləcə də digər bölgələrdən sakinlər iştirak ediblər.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbər və nümayəndələrinin də iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Həmçinin yerlərdə mədəni fəaliyyətlə bağlı təkliflər səsləndirilib.
Sakinləri ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.