Mollabürhanlı kəndində səyyar qəbul keçirilib
11 iyun 2024 | 16:38
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Mollabürhanlı kəndində səyyar qəbul keçirib.
Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, yeni subartezian quyusunun qazılamsı və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Mollabürhanlı kəndində yeni inşa olunan modul tipli məktəb binasına baxış keçirib. 80 yerlik təhsil ocağında tədrisin günün tələbləri səviyyəsində təşkili üçün lazımı şərait yaradılıb. Yeni məktəbin növbəti dərs ilindən istifadəyə verilməsi planlaşdıırlır.