Müalicədən qayıdan qazi və yaralı əsgərin ailəsi ziyarət olunub
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərin problemləri, onlara qayğı ölkəmizin hər yerində olduğu kimi, Xaçmaz rayonunda da diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev paytaxt Bakıdan müalicədən qayıdan Vətən müharibəsi qazisi Həzi Abdullayevi və qazi Xəyal Nuriyevi yaşadıqları Xudat şəhərində, sentybarın 12-14-də erməni təxribatının qarşısını alarkən yaralanan əsgər Rəvan Cavadovun ailəsini isə Şollar kəndində ziyarət edib. İcra başçısı qazilərin səhhəti və ailələrin qayğıları ilə maraqlanıb. Görüşlərdə Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdikləri igidliklərdən danışılıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərdən bəhs ediblər. Qazi Həzi Abdullayev və Xəyal Nuriyevin, eləcə də hazırda stasionar müalicəsi davam edən Rəvan Cavadovun səhhətinin qənaətbəxş olduğu bildirilib.
Qazilər və onların ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.