Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

04 aprel 2024 | 13:45
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə Xaçmaz rayonunda şəhid, qazi ailələri və rayonda yaşayan Axısqa türkləri üçün iftar süfrəsi təşkil edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edərək tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. Türkiyəli iş adamlarının Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan icra başçısı qeyd edib ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına mühüm töhfə verir.
Milli Məclisin deputatı Sevil Mikayılova ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı, "Made in Azerbaijan" brendi ilə istehsalın və ixracın artırılması, sahibkarların dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
MÜSİAD İdarə heyətinin üzvü, Asiya koordinatoru Mustafa Özgür Yücel Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayıb.
MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Rəşad Cabirli müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, MÜSİAD sürətlə inkişaf edərək fəaliyyətini genişləndirib. Dərnək yüksək ixtisaslı kadrların yetişdirilməsi, rəqabətədavamlı məhsul istehsalı və sairə sahələri diqqət mərkəzində saxlayır.
İftar süfrəsində din xadimləri “Qurani-Kərim”dən ayələr oxuyub, Ramazan ayının fəzilətlərindən danışıb. Şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Keçidlər