Şriftin ölçüsü :

Saytın rəngi :

Nabranda “Gəl dost olaq – Çərpələng Festivalı” keçirilib

01 avqust 2026 | 12:54
Xaçmaz Rayon İcra Hakimiyyəti və “Azərbaycan Uşaqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nabranın dənizkənarı ərazisində Beynəlxalq Dostluq Gününə həsr olunmuş “Gəl dost olaq – Çərpələng Festivalı” keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və uşaqlar iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, Beynəlxalq Dostluq Günündə belə bir festivalın keçirilməsi rəmzi xarakter daşıyır. O qeyd edib ki, səmanın rəngarəng çərpələnglərlə bəzənməsi kimi, uşaqların da dostluq, mehribanlıq və birlik telləri ilə bir-birinə bağlanması gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır.
Günel Nürəddinova uşaqların asudə vaxtının səmərəli təşkili, onların fiziki və mənəvi inkişafına dəstək göstərilməsi, eləcə də şəhid ailələrinin üzvlərinin, qazilərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası baxımından bu cür sosialyönümlü və kütləvi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Festival çərçivəsində zəngin mədəni-əyləncəli proqram təşkil olunub. Çərpələnglərin hazırlanması, bəzədilməsi və birlikdə uçurulması, eləcə də dostluğa həsr olunmuş maarifləndirici müsabiqələr, animasiya personajlarının və klounların çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib. Tədbir canlı musiqi və rəngarəng şou proqramları ilə yadda qalıb.
Keçidlər