Nabranda “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib
07 sentyabr 2023 | 17:48
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.
Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Xaçmazda təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından və gənclər siyasətindən söz açıb. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırdı ki, bu, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafının təminatçısıdır.
Elnur Rzayev qeyd edib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər gənclərə diqqət göstərilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.
Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov isə çıxışında Ulu Öndərin təhsil siyasətindən, bu sahə üzrə keçirdiyi islahatlardan, əsasən peşə təhsilinin inkişafına verdiyi töhfələrdən danışıb.
Konfransda çıxış edən Ümummilli Liderin milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlardan, ordu quruculuğundan və 44 günlük Vətən müharibəsində gənclərin rəşadətindən danışıblar.
Sonda AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və növbəti tədris ilində uğurlar arzulayıb.