Növbəti səyyar qəbul Mehrəliqışlaq kəndində təşkil olunub
05 sentyabr 2023 | 15:58
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Mehrəliqışlaq kəndində səyyar qəbul keçirib.
Görüş iştirakçıları əvvəlcə şəhid Osman Muxtarovun büstü üzərinə gül dəstələri düzüb.
Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Mehrəliqışlaq, Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yolların təmiri, yeni subartezian quyusunun qazılması, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması ilə bağlı müraciətlərini gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.