Palçıqoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
09 aprel 2026 | 17:05
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Palçıqoba kəndində növbəti səyyar qəbul keçirib.
Qəbuldan əvvəl rayon rəhbərliyi Palçıqoba kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksi önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin müraciətləri dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirərək elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, suvarma kanallarının təmizlənməsi və mübahisəli torpaq məsələsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






