Şriftin ölçüsü :

Saytın rəngi :

Qadınların konfransı keçirilib

11 oktyabr 2023 | 11:16
Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Xaçmaz rayon qadınlarının konfransı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəallığı ilə seçilən qadınlar və şəhid ailələrinin xanım üzvləri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin qadınlarla bağlı fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bildirib ki, Ulu Öndər Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalanıb. Beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Bu gün Respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın ölkəmizin bu günü və gələcəyi üçün gördüyü işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadını üçün nümunədir.
Tədbirdə çıxış edən şəhid anaları və rayonun ictimai həyatında fəallığı ilə seçilən ziyalı qadınlar ölkədə uğurla reallaşdırılan dövlət-qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Xaçmaz rayonunu təmsil edəcək qadınlar seçilib, qadın problemlərinin həllinə dair təkliflər dinlənilib, konfransın qərarı qəbul edilib.
Keçidlər