Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə mövzusunda tədbir keçirilib

11 mart 2026 | 14:17
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərverici olduğunu qeyd edərək, vətəndaşların bu zərərvericiyə qarşı maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
Cəfər Məhərrəmov yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlərin intensivləşdirilməli, mexaniki mübarizə tədbirlərinin vaxtında icra olunmalı olduğunu vurğulayıb. Qeyd edib ki, eyni zamanda əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir.
Tədbirdə zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.
Keçidlər