Qusarçay kəndində yeni məktəb binası istifadəyə verilib
12 sentyabr 2023 | 16:45
“Bilik Günü” ərəfəsində Xaçmaz rayon Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin yenilənən binası istifadəyə verilib. Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Xaçmaz şəhərində Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon icra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn “Bilik Günü” ərəfəsində Qusarçay kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib. Bu münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, Xaçmaz rayonunda məktəblərin yenilənməsi istiqamətində işlər davam etdiriləcək.
Qusarçay kənd sakinləri təhsilimizin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra qonaqlar məktəb binasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 94 il əvvəl inşa edilən və son vaxtlar qəzalı vəziyyətdə olan məktəbin mövcud binası əsaslı şəkildə təmir edilib. Bundan başqa təhsil ocağı üçün 3 yeni tədris korpusuda inşa edilib.
Layihəyə əsasən 960 şagird yerlik məktəbdə müasir tələblərə cavab verən sinif otaqları, fənn kabinetləri, labaratoriyalar, müəllimlər otağı, kitabxana, kompüter otağı, yeməkxana, akt və idman zalları yaradılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli şəraiti yüksək qiymətləndirib, müəllim və şagird kollektivinə uğurlar arzulayıblar.