“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Nabranda dənizkənarı ərazilərdə genişmiqyaslı təmizlik aksiyası keçirilib
11 iyul 2026 | 10:36
Xaçmaz Rayon İcra Hakimiyyəti və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Nabranın dənizkənarı ərazilərində növbəti təmizlik aksiyası keçirilib.
Yay mövsümünün başlaması və ölkənin əsas istirahət guşələrindən biri olan Nabran turizm zonasına turist axınının artması ilə əlaqədar təşkil olunan aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və yerli sakinlər fəal iştirak ediblər.
Aksiyaya qoşulanlar sahilboyu əraziləri məişət tullantılarından təmizləyib, ətraf mühitin ekoloji tarazlığının qorunması və turistlər üçün cəlbedici mühitin yaradılması istiqamətində mühüm işlər görüblər.
Aksiyanın keçirilməsində əsas məqsəd əhali arasında təbiətə qayğı hissinin aşılanması, geniş maarifləndirmə işlərinin aparılması və regionun turizm potensialının daha da inkişaf etdirilməsidir. Təmizlik işlərinin gələcəkdə də mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.






