Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elşad Qayımov doğma kəndində dəfn edilib

07 may 2024 | 17:27
Xaçmaz rayonunun Hacıqurbanoba kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Elşad Qayımovla vida mərasimi keçirilib.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak edib.
Şəhid Elşad Qayımovun nəşi əvvəlcə yaşadığı evə oradan isə Hacıqurbanoba kənd qəbristanlığına aparılıb. İzdihamla müşahidə olunan dəfn mərasimində əllərində üçrəngli bayrağımızı dalğalandıran gənclər “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr arzulayıb. Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Çıxışlardan sonra şəhidlərimizin ruhuna dualar oxunub. Elşad Qayımov kənd qəbristanlığında valideynlərinin yanında dəfn edilib. Məzarı üstünə əklil, tər qərənfil və qızıl güllər düzülüb.
Tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı qardaşına təqdim edilib.
Qayımov Elşad Şirin oğlu 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin !!!
Keçidlər