Şəhid Səxavət Axundovun 40 mərasimi keçirilib
13 fevral 2024 | 16:47
Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səxavət Fərasət oğlu Axundovun Xaçmaz rayonunun Sayad kəndində 40 mərasimi keçirilib.
Anım tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıb. Vətən uğrunda canından keçmiş qəhrəman oğulları xalqımızın heç zaman unutmayacağını, onların daim qəlblərdə yaşayacağını bildirib.
Səxavət Axundovun atası Fərasət Axundov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.