“Sehirli Novruz” adlı bayram şənliyi keçirilib.
18 mart 2025 | 17:31
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Xaçmaz rayonunda ümumrayon şənliyi keçirilib.
Şəxsiyyətlər parkında təşkil olunan bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Novruz atributları və rəmzləri ilə bəzədilmiş park sakinlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Tədbirdə Bahar qızı qonaqları elimizin qədim adəti olan şərbətlə qarşılayıb. Daha sonra Novruz tonqalı alovlandırılıb.
Milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Rayon rəhbərliyi və qonaqlar Novruzun özənəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi əks etdirən eksponatlarla tanış olublar. Parkda xalq sənətkarlarının əl işləri, rəssamların tabloları, Novruzla bağlı mərasimlər nümayiş olunub, aşıqların ifasında qədim folklor nümunələri dinlənilib, məktəblilər şeirlər oxuyub, idmançılar və pəhləvanlar qüvvələrini sınayıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Qonaqlar rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində milli mətbəximizin təamlarından dadıblar.
Novruzun personajları olan Kosa və Keçəlin şən zarafartları, Bahar qızının könülləri oxşayan təbrik sözləri sakinlərdə xoş ovqat yaradıb.
Novruz şənliyi geniş bayram konserti ilə davam edib. Milli rəqslər, Vətənimizi tərənnüm edən musiqilər və şən mahnılar xaçmazlıların bayran əhval ruhiyyəsini bir qədərdə yüksəldib.