Sel suları Nabranda fəsadlar yaradıb
06 aprel 2026 | 17:02
Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində ciddi fəsadlar yaranıb.
Sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd yollarına xeyli ziyan vurub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbər şəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, operativ tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verib.
Hazırda ərazidə xilasetmə və bərpa işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerli icra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi, yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkin bərpa işlərini aparırlar.






