“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
28 aprel 2026 | 12:09
Xaçmaz rayonunda Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası təşkil olunub.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Aksiya zamanı əvvəlcə həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq göstəriciləri yoxlanılıb, tibbi uyğunluq təsdiqləndikdən sonra qanvermə prosesi həyata keçirilib. Toplanan qan nümunələri Respublika Qan Bankı tərəfindən laboratoriya yoxlamalarından keçiriləcək və talassemiya, hemofiliya, leykoz, həmçinin digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların müalicəsində istifadə olunacaq.
Bu humanitar təşəbbüsün əsas məqsədi ölkəmizin qan ehtiyatlarını gücləndirmək, irsi qan xəstəlikləri ilə mübarizəyə töhfə vermək və sağlam gələcək nəsillərin yetişdirilməsinə dəstək olmaqdır.






