Təbii fəlakətin nəticələri aradan qaldırılır
07 aprel 2026 | 16:56
Aprelin 4–5-də Xaçmaz rayonu ərazisində müşahidə edilən güclü yağış və leysan xarakterli yağıntılar bəzi ərazilərdə təbii fəlakətə səbəb olub.
Yağıntılar nəticəsində rayonun bəzi kənd və qəsəbələrində yaşayış evlərinə, sosial obyektlərə, o cümlədən aqrar sahəyə, yol və elektrik təsərrüfatına xeyli ziyan dəyib.
Təbiət hadisəsi dərhal nəzarətə götürülərək Rayon Fövqəladə Hallar Komissiyası aidiyyəti qurumlarla birgə operativ şəkildə fəaliyyətə başlayıb.
Hazırda zərərçəkmiş ərazilərdə təxirəsalınmaz tədbirlər görülür. Su basmış ərazilərdən suyun çəkilməsi, elektrik təchizatında yaranan nasazlıqların aradan qaldırılması və yolların bərpası istiqamətində iş aparılır.
Hazırda Xaçmaz rayonunda vəziyyət nəzarət altındadır, əhalinin təhlükəsizliyinin təmin olunması və normal həyat tərzinin bərpası üçün zəruri tədbirlər planlı şəkildə davam etdirilir.






