Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

07 may 2026 | 17:35
Xaçmaz Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolundan danışıb. Bildirib ki, Ümummilli Liderin strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü təmin edilib, uğurlu iqtisadi, siyasi və hərbi-müdafiə quruculuğuna nail olunub.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında danışaraq qeyd edib ki, Heydər Əliyevin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi və dönməzliyi təmin edilib.
Şəhid anası Lalə Əskərova öz çıxışında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. O, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Rəsmi hissədə bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Keçidlər